Dünya şöhrətli alimi Bakıya buraxmadılar- SƏBƏB


Tayvanlı professorun Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməsi üçün Azərbaycana buraxılmaması ölkəsində narahatlıqla qarşılanıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Tayvanın tanınmış alimlərindən sayılan, professor Lin Jaung-Geng UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitəsinin sessiyasında Tayvanın nümayəndəsi kimi iştirak etmək dəvəti Azərbaycan hökuməti tərəfindən mənfi qarşılanıb.

Professora UNESCO tərəfindən dəvətnamə göndərilsə də, Azərbaycan Xarici İşlər Nazirliyi ona viza verməyib. Artıq Tayvan parlamentinin iclasında deputatlar məsələ ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək, vizanın hansı səbəbdən verilməməsinin araşdırılmasını istəyiblər. Deputatlar vizanın verilməməsində Çinin təsiri olub-olmamasının araşdırılmasını da tələb ediblər.

Məlumatda o da qeyd olunub ki, UNESCO məşhur akupunktura (iynə batırma) üzrə professoru Lini dekabrın 2-8-də Bakıda keçiriləcək Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitənin sessiyasında Tayvanın nümayəndəsi kimi iştirak etməyə dəvət edib. Lin Tayvan 1971-ci ildə BMT-dən xaric olunandan sonra UNESCO tərəfindən təşkil olunan tədbirdə iştirak edən ilk tayvanlı ola bilərdi. Lakin, o buna nail ola bilmədi, çünki tədbirə ev sahibliyi edən Azərbaycan ona viza verməkdən imtina edib.

Məhəmməd
AzNews.az