Mağazadakı endirimlərə inanmayın- Qeyri-dəqiq reklamlar

Bakıda mağazada qeyri-dəqiq reklamdan istifadə faktı aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 72-5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehtiyev Rəşad Elşad oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın giriş hissəsində "30% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Araşdırmalar davam etdirilir.


AzNews.az