“Azəriqaz” əməkdaşlarının işi məhkəməyə göndərildi

Kürdəmir Qaz İstismar Sahəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə AzNews.az-a Respublika Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilib ki, Kürdəmir Qaz İstismar Sahəsinin (QİS) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı QİS-in rəis müavini Orxan Məmmədovun barəsində olan mənimsəmə faktları ilə bağlı şübhələr üçün əsaslar tapılıb.

Həmin faktlara görə, O.Məmmədov rayon sakinlərindən həmin müəssisəyə işə düzəldəcəyi adı altında vəd verməklə ümumilikdə 1.760 manat məbləğində pulu alıb. Rayon ərazisindən keçən qaz borusunu çıxartmaqla metal tullantısı kimi rayon sakininə 2.000 manata satıb.

Həmçinin sahənin rəisi vəzifəsini müvəqqəti icra edərkən rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı ödənilən və özü tərəfindən yığılan ümumilikdə 1.430 manat məbləğində pul vəsaitini mənimsəyib. Həmin faktlarla əsasında Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və 179.2.4 -cü maddələri ilə ittiham elan edilib.

Bundan başqa, QİS-də şöbə rəisi vəzifəsində işləyən Qabil Qurbanovun da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd hərəkətlər də üzə çıxıb.

Belə ki, abonentlər tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 868 manat məbləğində pul vəsaitini "Azəriqaz" İB ilə aralarında bağlanmış müqaviləyə əsasən "Komitec LTD" MMC-yə ödəməli olduğu halda həmin pulu Orxan Məmmədova verib. Bununla da "Azəriqaz" İB-nin qanuni mənafeyinə mühüm zərər vurub. Bu fakt üzrə də Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib.

AzNews.az