Sumqayıtdakı insidentlə bağlı 7 nəfər saxlanıldı- Rəsmi

Dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib.

Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları almış, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəymiş, xəsarət alan olmayıb.

Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlmiş, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmiş, maddi sübutlar götürülüb.

Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb.

Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istərkən yaxalanıblar.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Xəsarət almış E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.

AzNews.az