Naxçıvanın gömrük rəisi Türkiyədə saxlandı- TƏFƏRRÜAT (VİDEO)

Naxçıvanın gömrük rəisi Mirməhəmməd Seyidoğlunun Türkiyədə saxlandığına dair məlumat yayılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gömrük rəisi İğdırda gömrük əməkdaşlarına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.

Məlumata görə, İstanbuldan Qarsa gələn M.Seyidoğlu elə aeroportda saxlanılıb. Onu saxlayanlar isə İğdır Əmniyyət Müdürlüyünün qaçaqçılıq və mütəşəkkil cinayətlər şöbəsinin əməkdaşları olub.

Gömrük rəisinin saxlanması İğdır Dilucu sərhəd keçid məntəqəsi əməkdaşlarına qarşı irəli sürülən ittihamlarla bağlıdır.

Bu əməliyyat zamanı aralarında gömrük məmurlarının da olduğu 17 nəfər saxlanılıb. Onlardan 5 nəfəri barəsində həbsqətimkan tədbiri seçilməsi üçün müraciət olunub.

Ümumilikdə isə əməliyyat İstanbul, Qaziantep və Artvini əhatə edib. 2 il davam edən təqiblərdən sonra bir çox ünvana polis eyni zamanda basqın edib.

Dilucu sərhəd məntəqəsindəki əməliyyatda həmçinin 130 min dollar, 50 min lirə, 1 icazəsiz silah və çox sayda sənəd ələ keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğunun İğdır təmsilçisi Asiman Əliyevin də polisə gələrək məsələ ilə bağlı məlumat aldığı bildirilir.

Məlumatla bağlı videonu BU LİNKDƏN izləyə bilərsiniz.

AzNews.az-ın dəqiqləşdirmələrinə görə, saxlanılan şəxs M. Seyidoğlu Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük Keçid Məntəqəsinin rəisidir.
Elnarə
AzNews.az