Hacıqabulda qatarların hərəkəti bərpa olundu- Yenilənib

Hacıqabulda dəmiryolunda baş vermiş qəzadan sonra qatarların hərəkəti bərpa olunub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, 3 yanvar 2014-cü ildə saat 22.50-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Qarasu-Padar mənzilinin 390-cı km-də yük qatarının 7 vaqonu relsdən çıxıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb:

"Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Yatarı" MMC-nin Hacıqabul, Yevlax bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib. Saat 07-15-də qatarların hərəkəti, bir yollu olmaqla, bərpa edilib. Baş vermiş hadisə nəticəsində hər iki istiqamətdə sərnişin və yük qatarlarının hərəkətində gecikmələr qeydə alınır".

N.Əzməmmədov qeyd edib ki, hazırda hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.


***
09:47

Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb.

Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə 1 yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.

AzNews.az