Bayram günlərində 1300 nəfər xəstəxanalıq olub - STATİSTİKA


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) yeni il bayramı günlərində quruma edilən müraciətlərin sayını açıqlayıb.


BŞTTTYS Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova AzNews-a bildirib ki, dekabrın 30-dan yanvarın 6-dək stansiyaya ümumilikdə 18 550 müraciət daxil olub və bunlardan 1254 nəfəri xəstəxanaya yerləşdirilib: "Daxil olan bütün müraciətlərə vaxtında reaksiya verilib".

O qeyd edib ki, son 8 gün ərzində Stansiyaya 52 yol nəqliyyat hadisəsi ilə bağlı müraciət daxil olub: "Nəticədə 12 nəfəri avtomobil vurub. Bunlardan 6-sı ölüb".

Z. Vahidova dəm qazından zəhərlənmə halları haqqında da danışıb: "Bu günlər ərzində dəm qazı zəhərlənməsi ilə bağlı Stansiyaya 100 çağırış daxil olub və 62 nəfər xəstəxanaya yerləşdirilib. Nəticədə üç ölüm hadisəsi qeydə alınıb.

Müqayisə üçün deyək ki, bayram günlərində Stansiyaya çağırışların sayı ötən yeni il bayramı dövrü ilə müqayisədə 30 faiz artıb. Əsasən uşaqlar arasında kəskin infeksion xəstəliklərin sayı azı 2 dəfə artıb. Böyüklər arasında qan təzyiqi ilə bağlı da müraciətlərin sayı yüksəlib".

Amid Əyyuboğlu
AzNews.az