İcbari sığorta üzrə ödənişlər artıb

Ötən il ərzində Azərbaycanda "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 18 477 sığorta tələbi üzrə 25,3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan APA-ya verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 17 363 sığorta tələbi ilə bağlı 23,403 mln. manat, əmlaka dəyən zərər üzrə 553 sığorta tələbi ilə bağlı 822,1 min manat, sağlamlığa dəyən zərər üzrə 398 sığorta tələbi ilə bağlı 443,9 min manat və şəxsin ölümü üzrə 133 sığorta tələbi ilə bağlı 661 min manat ödənilib.

Sığorta şirkətlərinə qarşı irəli sürülən 738 sığorta tələbi baxılma mərhələsindədir.

Ötən il iştirakçı sığorta şirkətləri tərəfindən verilmiş sığorta ödənişlərinin məbləği 2012-ci illə müqayisədə 3,7 dəfə artıb. Hesabat ilində həyata keçirilmiş sığorta ödənişlərinin 64%-i 2012-ci ildə, 36%-i isə 2013-cü ildə bağlanan sığorta müqavilələri üzrə olub.

AzNews.az