Prokurorluqdan Rafiq Tağı ilə bağlı MTN və DİN-ə tapşırıq

Rafiq Tağının həyatına qəsdlə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Eldar Sultanov qeyd edib ki, əvvəllər də məlumat verildiyi kimi 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb:

"Lakin, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaqdır".

AzNews.az