Şirvan Milli Parkında qanunsuz ov edənlər saxlanıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Ovçuluq haqqında" Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirib.

Reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb və onlardan 3 ədəd ov tüfəngi, 1ördək və adı "Qırmızı kitab"ına düşən 2 turac quşu götürülüb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub. Təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.

Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.

Elnarə
AzNews.az