Xəzər Gəmiçiliyində korrupsiya faktı: 6 kapitan istintaqa cəlb edildi

Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamaların nəticəsində altı gəmi kapitanı istintaqa cəlb edilib və onların ifadələri alınıb.


"Axar.az"a Xəzər Dəniz Gəmiçiliyindən daxil olan məlumata görə, istintaqa cəlb edilənlənlər 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan "Bakı", "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı" və sair gəmilərin kapitanlarıdır. Kapitanların istintaqa çağırılmasının səbəbi isə ikili sənədləşmə ilə bağlıdır.

Bildirilir ki, 2010-cu ildə metal qırıntıları Bakıya gətirilsə də, ikinci sənədləşmə ilə bu yüklərin guya Yunanıstana aparılmasının rəsmiləşdirilməsidir.

Sənədləşmədə "Yunanıstana gedən" quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib. Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin "yol məsrəflərinə" 3 milyon manat silindiyi üzə çıxıb.

Qeyd olunur ki, ikinci sənədləşmənin aparılmasından kapitanlar məlumatsız olduqlarını bildiriblər. Hazırda istintaq bu korrupsiya faktında sənədləşmə aparanların möhür və imza saxtakarlığından istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.

AzNews.az