Bakıda jurnalist axtarışa verildi

Bir neçə il əvvəl dələduzluq etdiyinə görə həbs edilmiş, lakin sonradan cəzası şərti azadlıqdan məhrumetməyə dəyişdirilən şəxs axtarışa verilib. Lent.az-ın məlumatına görə, 1962-ci ildə Tovuz rayonunda anadan olmuş Məmmədov Faiq Qəzənfər oğlu həyat yoldaşı Ceyran Məmmədova ilə əlbir olaraq bir neçə dələduzluq əməlini törətməkdə təqsirləndirilib. F.Məmmədov həm də "Hakimiyyətin dördüncü kamerası" qəzetinin hüquq şöbəsinin müdiri olub.

Məhkəmə materiallarına görə, Faiq Məmmədovla həyat yoldaşı əlbir olub, vətəndaşların etibarından sui-istifadə edərək mənzillərini əllərindən almaqla məşğul olublar. Bu məqsədlə onlar saxta boşanıblar. Yəni sənəddə boşansalar da faktiki ər-arvad kimi qalıblar.

F.Məmmədov və həyat yoldaşı C.Məmmədova yaxın qohumlarına, məhkəmələrin qarşısında tanış olduqları ayrı-ayrı şəxslərə və kimsəsiz ahıl qadınlara qarşı dələduzluq ediblər. Hətta onların dələduzluq yolu ilə evlərini əlindən aldığı iki qadın evsiz qalaraq Bilgəhdəki Qocalar Evinə yerləşdirilib. Belə ki, F.Məmmədov Bakıda yaşayan bu ahıl qadınları ömürlük himayəyə götürəcəyini vəd edərək, onların evini rəsmən keçmiş, lakin faktiki arvadı olan Ceyran Məmmədovanın adına sənədləşdirib. Lakin sonradan həmin qadınlara heç bir himayədarlıq etməyiblər. Bu və digər yollarla onlar xeyli insanın evini, pulunu və qızıllarını ələ keçirib.


AzNews.az