Vaqif Əsədov Ramil Usubovun təlimatına məhəl qoymur

Bakıda yol polisi əməkdaşları ilə sürücü arasında daha bir insident baş verib.


Belə ki, 10 YP 539 nömrə nişanlı DYP avtomobilindəki polis əməkdaşları "Lexus" markalı, 90 FA 758 dövlət nömrə nişanlı avtomobili saxlayaraq sürücüyə cərimələrin ödənilmədiyini bildiriblər.

Onlar sürücüyə cərimənin təcili ödənilməsini tövsiyə ediblər. Sonra məlum olub ki, sürücü sürücülük vəsiqəsini evdə unudub. Belə olduğu halda sürücü sənədin polis əməkdaşlarına təqdim edilməsi üçün təlimata uyğun olaraq verilən 3 saatlıq müddətdən istifadə etmək istəyib.

Ancaq buna imkan verilməyib və avtomobil cərimə dayanacağına aparılıb. Dayanacağa aparılan maşının çıxarılması isə daha sonra həmin avtomobili ora aparan polis əməkdaşlarını tapmaqla bağlı yaranan problem səbəbindən çətinliklə müşayiət olunub. Yol polisi əməkdaşlarının sürücüyə qanunla tanınan 3 saatlıq müddətdən istifadəyə imkan verilməməsinə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun dedikləri təəccüb doğurub.

Belə ki, cənab Əsədov AzNews.az-a bildirib ki, yol polisi sürücünü 3 saat gözləmək məcburiyyətinə deyil: "Yol polisi əməkdaşları hər sürücünü 3 saat yolda gözləməməlidir. Gözləsə, o zaman necə işləyəcək? Sürücü sənədini təqdim etdikdən sonra maşınını dayanacaqdan apara bilər.

Əgər 3 saat müddətində onu dayanacağa aparan polisi axtarıb tapa bilsə, o zaman sürücüyə cərimə tətbiq olunmayacaq. Yox, əksinə olsa, sürücü sənədsiz kimi rəısmiləşdiriləcək və o cərimələnəcək".

V.Əsədovun bu sözlərindən aydın olur ki, şöbə rəisi nazir Ramil Usubovun "Yol-patrul xidməti haqqında Təlimat"ından xəbərsizdir, ya da bu təlimata məhəl qoymur.



V.Əsədovun diqqətinə 19 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat"dan sürücülərin hüquqları ilə bağlı aşağıdakı çıxarışı təqdim edirik:

"Avtomobilin saxlanılması səbəbini 3 saat ərzində aradan qaldırmaq üçün onun duracağa göndərilməməsini, yol polisinin yanında qalmasını tələb etmək sürücünün hüququdur".

Elnur
AzNews.az