Bakıda avtoqəza: ölən var

Bakının Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 12-də saat 22 radələrində Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində Bakı şəhər sakini Ziya Zamanov idarə etdiyi "Chery" markalı avtomobillə yolu keçən həmyerlisi Viktor Axundovu vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı ağaca çırpıb.

Piyada hadisə yerində ölüb, Z.Zamanov və onun xəsarət alan sərnişinləri - həmyerliləri Rəşad Qədirov, Mütəllim Məhəmmədov və Vüsal Manafov xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.

Qeyd edık ki, 2013-cü ildə piyadaların vurulması ilə nəticələnən 1097 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 398 nəfər ölüb, 784 nəfər yaralanıb.

AzNews.az