Ana və balanın ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda ağacın ana və uşağının üstünə düşməsi zamanı ölüm faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam edir.

AzNews.az