"At və eşşək ətinin hara verildiyi araşdırılacaq"- Yenilənib

Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.

APA-nın verdiyi məlumata görə, Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.

Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.(09.38)

***
Xaçmaz rayonunda meşə massivində aşkarlanan at və eşşək cəsədləri baytarlar tərəfindən müayinə cəlb edilib.

Hazırda hadisə yerində olan Xaçmaz rayon Qımılqılaq Baytarlıq məntəqəsinin rəisi Zahid Nəsrullayev Movqe.az-a açıqlamasında bildirib ki, ilkin baxış zamanı ərazidə 100-dən çox at və eşşəyin cəsədinin olduğu üzə çıxarılıb:

"Burada hardasa 100-dən çox at və eşşək cəsədi var. Bizim hesablamalarımıza görə, ərazidən 2 tondan çox ət çıxarılaraq aparılıb. Həmin at və eşşək ətinin haraya verildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bizə məlum olan isə hadisənin hardasa 20 gün bundan əvvəl baş verməsidir. Həmin cəsədlər yandırılaraq ərazi dezinfeksiya ediləcək".

AzNews.az