Əflatun Amaşov: “DİN-ə müraciət ünvanlayacağıq”- Yenilənib

Bakıda mətbuat yayımı ilə məşğul olan bir qrup kiçik sahibkarların obyektləri dağıdılıb.

Bu barədə sahibkarların özləri şikayət ediblər. Onların sözlərinə görə, Səbail rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi əsasında şəhərin mərkəzində qəzet və jurnalların satışı ilə məşğul olurlar. Lakin Səbail rayon Polis İdarəsi əməkdaşları onların işinə mane olaraq, obyektlərini dağıdıblar.

Sahibkar İbad Manafov açıqlamasında bildirib ki, polis əllərində icazə sənədi olmalarına baxmayaraq, satışın qabağını alıb. O, problemlə bağlı aidiyyatlı orqanlara müraciət etdiklərini bildirdi. "Qəzet və jurnal satış məntəqələri bağlayıblar. Biz bununla əlaqədar bir çox dövlət müəssisələrinə, hüquq-mühafizə orqanlarına və Mətbuat Şurasına müraciət etdik.

Lakin problemlə bağlı müraciət etdiyimiz salahiyyətli kəslər bizə heç bir yardım etmədi. İcra Hakimiyyətindən bildiriblər ki, biz icazə vermişik. Əlimizdə icazə kağızı da var. Amam polis buna əhəmiyyət vermir" söyləyən İbad Manafov bildirib.

Əfqanıstan veteranı Arif Əsgərov da açqılamasında Səbail rayon polis idarəsinin işçiləri şəhərin mərkəzi küçələrindəki dörd qəzet satışı nöqtəsini bağlamasından şikayətlənib. Onun sözlərinə görə, yeganə qazanc yeri bağlanarsa, onun və ailəsinin maddi durumu pisləşəcək. "Biz icazə almışıq. Hər ay vergi də ödəyirk. Yeganə qazanc yerim burdandır. Bura da bağlansa, ailəm çörəkpulusuz qalacaq. Qalmışam naəlac", - deyə Arif Əsgərov şikayətlənib.

Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov açıqlamasında onlara da bu barədə şikayət daxil olduğunu bildirib. "Biz onlara icazə vermişik. Onların əksəriyyəti veteran, şəhid ailəsidir. Biz polislə də əlaqə saxlamışıq. Çalışırıq ki, problem həll olunsun. Bu işi diqqətdə saxlamışıq", - deyə Əliabbas Bağırov vurğulayıb.

Polisin qəzet və jurnal satışının qarşısının alma səbəblərini öyrənmək üçün Səbail rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, qəzet və jurnallar küçədə kustar üsulu ilə düzəldilən vitrinlərdə satılır. Bu da qanunsuz küçə ticarətidir. Polis də şəhərin təmizliyini qorumağa çalışır. Məsələ Daxili İşlər Nazirliyində araşdırılacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq.(anspress) (16.08)

***
"Sahibkarlar bizə müraciət ediblər ki, şəhərin mərkəzində onların qəzet satışına maneələr törədilib. Biz məsələni həmin şəxslərlə müzakirə etdik. Onların müraciəti əsasında qərara gəldik ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanlayaq. Qoy, nazirlik bu məsələni araşdırsın".

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Qeyd edək ki, Bakıda mətbuat yayımı ilə məşğul olan bir qrup kiçik sahibkarların obyektləri polis tərəfindən dağıdılıb. Sahibkarların sözlərinə görə, onlar Səbail rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi əsasında qəzet və jurnalların satışı ilə məşğul olurlar.

AzNews.az

image description