10:26
(077) 610-22-33

ANS saytları məhkəməyə verir

  • >
442 15 Yanvar 2014 09:18 | Hadisə

ANS Şirkətlər Qrupu telekanalın satılması və telekanalda aparılan ixtisarlar barədə məlumatlar verən mətbu orqanları məhkəməyə verəcək.

Bu barədə movqe.az-a ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev məlumat verib.

M. Ağayev bildirib ki, artıq dünəndən başlayaraq müxtəlif saytlarda ANS telekanalı barədə yalnış məlumatlar yer alır:

"Mən indi sizə bir söz deyəcəm. Bilmirəm bu sizin ağlınıza nə qədər batacaq. Amma biz bu fikrimizdə israrlıyıq. Və bununla bağlı artıq tapşırıq da verilib. Haqqımızda dünəndən başlayaraq həqiqətəuyğun olmayan, xəbəri dəqiqləşdirməmiş məlumat yayan xəbər saytlarını məhkəməyə verməyə hazırlaşırıq. Mən sizinlə danışmazdan az öncə bununla bağlı lazımi tapşırıqlar verdim. Bütün bu cəfəngiyyatlara isə cavabı məhkəmə başa çatdıqdan sonra verəcəm".

Qeyd edək ki, artıq dünəndən etibarən ANS telekanalının vergi borcuna görə satıldığı və TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarıldığı barədə məlumatlar yayılıb.

Xəbərlərə görə, telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib.

"Axar.az"ın telekanal daxilindən əldə etdiyi səhih məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə departamentin "İqtisadiyyat" üzrə müxbiri olub.

Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç Xəbər"ə birləşdirildiyi deyilir.

ANS-də ən gözlənilməz dəyişiklik isə televiziyada Baş redaktor vəzifəsini icra edən tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub. Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz etdiyi deyilir.

Bundan başqa, "Cinayət işi" verilişi Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib. Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb. Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev və Taleh Mikayılov da işdən azad edilib.

AzNews.az
Bağla X