Keçmiş deputatlığa namizədə 10 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində "İberiya-press" agentliyinin sabiq icraçı direktoru Rəşad Muradəliyev və Ayaz Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Muradəliyev 10 il, A. Rəşidov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Muradəliyev bir müddət axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəşad Fazil oğlu Muradəliyev 2012-ci il sentyabrın 12-də, A. Rəşidov isə iyulun 12-də saxlanılıb.

Məlumata görə, R. Muradəliyev həbs olunan zaman Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən "İberiya-press" agentliyinin icraçı direktoru vəzifəsində çalışıb. O, bundan əvvəl də iki dəfə dələduzluq faktına görə həbs edilib.

R. Muradəliyev həmçinin 2005-ci ildə deputatlığa namizəd olub.

Qeyd edək ki, R. Muradəliyevin atası Fazil Muradəliyev Azərbaycan SSR KP MK-nın ideoloji katibi olub.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

AzNews.az