“Deyirlər ki, guya polisə müqavimət göstərmişəm” “Deyirlər ki, guya polisə müqavimət göstərmişəm”

Polis zorakılığına məruz qalan bank işçisi AzNews.az-a danışdı

“Deyirlər ki, guya polisə müqavimət göstərmişəm”





"Zərərçəkən olmağıma baxmayaraq, polis bölməsində məni günahkar çıxarmağa çalışırlar".


Bunu AzNews.az-a açıqlamasında paytaxtın mərkəzində polis tərəfindən döyüldükdən sonra saxlanılan bank işçisi Anar Abıyev deyib.

A.Abıyev bildirib ki, saxlanıldıqdan sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb:

"Deyirlər ki, guya polisə müqavimət göstərmişəm. İndi sənədlərimi hazırlayıb prokurorluğa göndərmək istəyirlər. Mən xəsarət aldığımı dedim. Hazırda tibbi ekspertizadan keçmək üçün xəstəxanaya gedirəm".

A.Abıyevin sözlərinə görə, polisdən ona bildirilib ki, inzibati qaydada bir neçə sutkalıq cəza da verilə bilər.

O, hadisənin təfərrüatları haqqında da danışıb:

"Yasamal rayonu 20 saylı məktəbin qarşısında yol-hərəkət qaydasını pozaraq, piyadalar üçün nəzərdə tutulan keçiddən deyil, avtomobil yolundan keçmək istədim.

Bu zaman post potrul xidmətinin əməkdaşları məni saxladı və şəxsiyyət vəsiqəmi tələb etdi. Ona bildirdim ki, işə yeni daxil olduğumdan şəxsiyyət vəsiqəm sənədləşmə üçün çalışdığım bankdadır.

Ona yaxınlıqda olan bankı da göstərərək, "vacibdirsə gedim gətirim" dedim və cəriməni ödəməyə hazır olduğumu da söylədim. Polis əməkdaşı isə məni söydü. Onu mənimlə normal danışmağa dəvət etdim. İkinci polis isə bizə yaxınlaşaraq, mənim əllərimi tutdu, təhqir edən isə məni vurmağa başladı".

Bank işçisi ona qarşı polis tərəfindən edilən hərəkətin cavabsız qoyulmayacağını və aidiyyatı orqanlara şikayət edəcəyini söyləyib.

Xatıradaq ki, AzNews.az-ın məlumatına görə, bu gün saat 12 radələrində Bakının Yasamal rayonunda Parlament prospektində polis əməkdaşları ilə vətəndaş arasında insident olub. Parlament küçəsi 1 ünvanında post patrul xidmətinin 2 əməkdaşı bank işçisi olduğu bildirilən Anar Abıyevi döyüb.

Polis bu zaman insidentin və polisin şəxsə qarşı zorakılığının səbəbi ilə maraqlanan AzNews.az əməkdaşına qarşı da kobud davranıb. Şəxs PPX maşını ilə polis bölməsinə aparılıb.

Əhməd
AzNews.az