Hövsanda canavar peyda oldu - Video

Suraxanı rayonu Hövsan qəsəbəsində Bağlar evi kimi tanınan hissədə sakinlər neçə gündür ki, evlərindən çölə çıxa bilmir.


Buna səbəb isə onların qonşuluğunda məskunlaşan canavardır. Sakinlər onun bura hardan gəldiyini bilməsələr də 3 gün əvvəl radio ilə canavarın hardansa qaçdığı barədə xəbər eşitdiklərini dedilər. Onları qorxudan isə canavarın düz qapılarının qarşısında gecələri ulamasıdır.

Maraqlıdır ki, ətrafda çoxlu yiyəsiz it olsa da, canavarın buralarda sərbəst şəkildə gəzməsinə heç bir reakiya verməyiblər. Sakinlər dedi ki, ilk baxışdan aqqresiv görünməyən canavar ona tərəf gedən hər kəsə dişlərini qıcıyırdı.

Sakinlər neçə gündü aidiyatı qurumlara bu barədə xəbər verdiklərini desələr də, hərəkətə keçib onları canavarın əsirliyindən qurtaran heç kim olmayıb. Hadisə yerində olarkən biz də aidiyyatı qurumlarla əlaqə saxladıq.

Ekoloqiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, bu gün artıq gecdir. Sabah ərazidə monitorinq apararaq heyvanı ovlayacaqlar. Sakinlərə bu barədə məlumat versək də, onlar daha bir gecəni canavarla qonşuluqda keçirmək istəmədiklərini deyərək təşəbbüsü öz əllərinə götürdülər. Axşam düşəndən sonra canavarı ovlama əməliyyatı başladı. Kəndirli taxtalar, yaba və armatur parçaları ilə silahlanmış yerli sakinlər bir müddət səy göstərərək nəhayət ki, canavarı ələ keçirdilər.

Heyvanı ovlayanların sözlərinə görə, canavarlar adətən hiyləgər olur. Azadlığa çıxmaq üçün hətta pəncəsini gəmirib qopara bilirlər.

Ovlanan heyvan bu gecəni yerli sakinlərin həyətlərindəki qəfəslərin birində keçirəcək. O ki, qaldı heyvanın sonrakı aqibətinə o ya heyvanxanaya təhvil veriləcək, ya da ki ona sahib olmaq istəyən şəxsə satılacaq .(anspress)