Türkiyə polisi Bakıdakı məşhur bankı araşdırır - “Böyük rüşvət” əməliyyatı

Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın Azərbaycandakı fəaliyyəti araşdırılır.


AzNews.az-a daxil olan məlumata görə, istintaq R.Zərrabla bağlılığı olan və Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam etdirən "NAB Holding"lə bağlı araşdırmalara başlayıb. Belə ki, "NAB Holding"in Türkiyə ilə yanaşı, Azərbaycanda geniş fəaliyyət şəbəkəsinə malikdir.

Holdinqin ayrı-ayrı törəmə şirkətlərinə əslən Cənubi Azərbaycandan olan Nadir, Bəhram və Şəhram Oromi qardaşları rəhbərlik edir.

Bu şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Orominin Rza Zərrabla çox yaxın qohum olduğu bildirilir. R.Zərrabın İranla bağlı həyata keçirdiyi qanunsuz fəaliyyətdə "NAB Holding"in Azərbaycandakı bankı - "Bank of Baku"dan da istifadə etdiyi araşdırma mövzusu olub.

AzNews.az-a daxil olan məlumata görə, hazırda bu istiqamətdə Türkiyədə ciddi istintaq tədbirləri həyata keçirilir.

Xüsusilə də sanksiyaların İrana təsirini azaltmaq və çirkli pulların yuyulmasında "NAB Holding"in iştirakı məsələsi diqqət mərkəzindədir.

Bəzi məlumatlara görə, "NAB Holding"in baş ofisi Dubayda yerləşir və Nadir Oromi tərəfindən idarə olunur. Əsas ofis isə Türkiyənin İstanbul şəhərində yerləşir.

Məlumat üçün bildirək ki, holdinqin təməli 1988-ci ildə "NAB Dış Ticarət Ltd" ilə qurulub. Daha sonra fəaliyyət dairəsini genişləndirərək 2008-ci ildə holdinqə çevrilib.

Mərkəzi İstanbulda yerləşən "NAB Holding"in internet səhifəsində verilən məlumata görə, Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir. Bura avtomobil, maliyyə, xidmət sektorları daxildir.

"NAB Holding" Tacikistanda "Auto Tajikistan" şirkəti ancaq "Hyundai" avtomobillərinin satışını həyata keçirir. Azərbaycanda isə bu siyahı daha genişdir və "Auto Azerbaijan" şirkəti ilə "Hyundai" ilə yanaşı "Chrysler", "Jeep", "Dodge", "Peugeot" və "Geely" markalarının distribütorudur. Pərakəndə satış sektorunda isə şirkət "Baku Electronics"lə fəaliyyətini davam etdirir.

"Samsung", "Siemens", "Bosch", "Tefal", "Nintendo", "Moulinex" və "Canon" kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın distribütoru olduğu vurğulanır.

Məlumatlara görə, Azərbaycanda bu markaların 50-dən artıq satış nöqtəsi yaradılıb.

"Bank of Baku", "Qafqaz Lizinq", "Buta Sigorta" ilə Azərbaycanda təmsil olunan holdinq, hətta restoran biznesinə da qatılıb. Bakıdakı "Sultan’s Restaurant" ve "Sultan’s Plus" fast-food zənciri də "NAB Holding"ə məxsusdur.

"NAB Holding"in Türkiyədə hazırda araşdırma mövzusu olan fəaliyyəti isə maliyyə sahəsi ilə bağlıdır. Bundan əvvəl də dəfələrlə mətbuat orqanlarında "Bank of Baku"nun İranla bağlı gizli fəaliyyəti barədə məlumatlar yayılıb.

Hətta bankın rəhbəri kimi Şəhram Orominin adı məşhur Wikileaks sənədlərində də çəkilib. Həmin sənədlərdə Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlı kimi təqdim edilir.

Zaman- zaman bu bankın adı da artıq bağlanmış "Royalbank"la birlikdə İranla hansısa əməliyyatlarda çəkilib. Lakin Türkiyədə dekabrın 17-də başlayan "Böyük rüşvət" əməliyyatından sonra iş adamları Rza Zərrab və onun İrandakı ortağı Babək Zəncaninin həbsi məsələni yenidən aktual edib.

Elnarə
AzNews.az