Gürcüstan Lotu Qulidən imtina etdi- Özəl

8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifovun Gürcüstana ekstradisiyası baş tutmayıb.


Gürcüstan tərəfi Lotu Qulinin bu ölkənin vətəndaşı olduğunu təsdiqləyən sənədlə təmin edilməsi üçün müraciətini müsbət cavablandırılmayıb.

Bu barədə məlumatı AzNews.az-a Nadir Səlifovun vəkili Kamandar Nəsibov verib.

Vəkilin sözlərinə görə, Nadir Səlifovda ancaq sovet nümunəli Gürcüstan pasportu var: "Nadir Səlifov 90-cı illərin əvvəlində gah orda yaşayıb, gah da SSRİ-nin başqa respublikalarına gedib. Bu zaman da təbii ki, vahid ölkə olduğu üçün pasportda heç bir xüsusi qeyd aparılmayıb.

Gürcüstanda şəxsiyyəti təsdiq edən sənədlə bağlı yeni qanunun tətbiqi zamanı yeni Nadir Səlifov bundan yararlana bilməyib, çünki Azərbaycanda həbsdə olub. Daha sonra Gürcüstan vətəndaşlığının təsdiqlənməsi üçün rəsmi qaydada müvafiq orqanlara müraciət edib.

Ancaq Gürcüstanda qanuna müvafiq qaydada sübutları təqdim etməsi mümkün olmayıb. Buna görə də müraciət müsbət cavablandırılmayıb".

Lotu Qulinin Azərbaycan vətəndaşı olmasına gəlincə isə, vəkil qeyd edib ki, müdafiə etdiyi şəxs bunun üçün müraciət etməyib.

Qeyd edək ki, Nadir Səlifovun həyat yoldaşı Azərbaycan vətəndaşıdır. Buna görə qanuna əsasən N.Səlifovun öz müraciəti əsasında ona Azərbaycan vətəndaşlığı verilə bilər. Lakin N.Səlifov bu məqsədlə Azərbaycanın müvafiq orqanlarına müraciət etmək niyyətində deyil.

Elnarə
AzNews.az