Lənkəranda yeni doğulan körpə öldü- VİDEO

Ötən həftə Lənkəranda hamilə qadının qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpə elə doğulan kimi də ölüb. Bununlada doğuş zamanı uşaq ölümü mövzusu yenidən gündəmə gəldi. Çəkisi 2 kq 600 qram olan uşağın ölümünə səbəb kimi isə uşağın ciftdən vaxtından qabaq ayrılması olub.

Əslində doğuş zamanı körpə ölümü tək bu kimi hallarda baş vermir. Ananın orqanizmində olan müxtəlif xəstəliklər və həkimlərin səhlənkarlığı da uşaq ölümlərinə yol açan əsas səbəblər kimi də göstərilir. Doğulan uşağın çəkisinin az və ya çox olması da bəzən ölümlə nəticələnir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə 2013-cü ildə 172,6 min körpə doğulub ki, onlardan 1800-ü ölüb. Ölüm faktları paytaxtla müqayisədə əsasən bölgələrdə daha çox qeydə alınır. Ginekoloq Gülnara Sultanova uşaq ölümlərində çətin doğuş prosesinin də az rolu olmadığını deyir .

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən isə bildirilir ki, uşaq ölümlərinə səbəb bəzən valideyn səhlənkarlığıdır. Çünki vaxtında tibbi müayinədən keçməmə, lazımı dərman preparatlardan və vitaminlərdən istifadə edilməməsi sonda xoşagəlməz halla nəticələnir. Komitənin apardığı araşdırmalarsa onu göstərir ki, uşaq ölümü faktı əvvəlki illərə nisbətən azalıb.

Hər halda uşaq ölümü kimi faktların meydana çıxmamasında valideynlər kimi həkimlər də məsuliyyətli olmalıdır. Az eşitmişik həkim səhlənkarlığı ucbatından ana və körpənin ölümü xəbərini, həkimlərin məsuliyyətə cəlb edilərək cəzalandırılmasını? Odur ki, istər ana hələ körpəsi bətnində olanda, istər də doğuşu qəbul edən həkim diqqətli olmalıdır. Çünki sonda xırda bir səhv belə ölümlə nəticələnir. İnsan həyatını isə bir səhvə qurban vermək sadəcə günahdır. (anspress)