10:01
(077) 610-22-33

Qəzaya düşən müsavatçılarla bağlı yeni xəbər- (Yenilənib)

  • >
195 22 Yanvar 2014 10:20 | Hadisə

İsmayıllı olaylarına görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi bu gün baş tutan məhkəmədən qayıdarkən avtomobil qəzasına düşüb.

"Axar.az" xəbər verir ki, bu barədə məlumat "Feysbuk"da paylaşılıb. Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı rayonunun Xənəgə kəndində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xalid Bağırov yüngül xəsarət alıblar. Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan, onlar xəstəxanaya yerləşdiriliblər. Vəkil Xalid Bağırovun bildirdiyinə görə, hadisəyə səbəb havanın həddən artıq dumanlı olması imiş. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.(21.01.2014- 22:54)

***


Nərgiz Yaqublu dəhşətli qəza anını musavat.com-a anladıb

Keçirdiyi qəzanın şokundan hələ də çıxa bilməyən musavat müxbiri Nərgiz Yaqublu hadisəni danışıb: "Hər şey bir anda oldu. Xənəgə kəndinin ərazisindəydik. Hər yer duman idi. Biz də Bakıya tez çatmalıydıq ki, mən məhkəmədən reportajı yazıb, hazırlayım. Kiçik bir körpü vardı, onu keçdiyimiz yadımdadı. Lakin qəfildən yol kənarındakı baryerlərə dəydik və onun üzərindən çox da yüksək olmayan dərəyə düşdük. Bir ağaca dəyib, dayandıq. Hadisə anında kimsənin səsini çıxartmasına da imkan olmadı. Ağaca dəyən kimi, maşın tüstüləndi. Arxamızca gələn maşında "Azadlıq Radiosu"nun müxbirləri varmış. Onlardan da arxada "İsmayıllı işi"ndə həbs olunan dustaqların yaxınlarını geri qaytaran avtobus gəlirdi. Onlar bizim kim olduğumuzu bilmədən yardıma qaçdılar. Sonra bildilər ki, bizik.

Əvvəl anamla məni və Xalid bəyi (vəkil Xalid Bağırov- Red.) çıxartdılar. Vəkil də onlarla birlikdə Çingiz Əlini maşından çıxartdı. Hamı düşünürdü ki, maşın indicə partlayacaq... Daha sonra rayondakı müsavatçıları da aradıq, onlar da təcili yardım maşınları ilə gəldilər. Çingiz bəyin durumu çox ağır idi. Maşınlardan biri ilə onu, digəri ilə anamı xəstəxanaya çatdırdıq.

Hazırda anamla mən palatadayıq. Anamın ciddi ağrıları var. Lakin həkimlər deyir ki, həyatına təhlükə yoxdur. Mənim də kiçik əziklərdən başqa, problemim yoxdur. Lakin Çingiz bəyin durumu olduqca ağırdır. Həkimlər deyir ki, qarşıdakı saatlar kritik saatlardır. Müsavat rəhbərlərindən Arif Hacılı buradadır. İsmayıllının müsavatçıları, demokratik düşərgənin təmsilçiləri də burdadır".

Xatırladırıq ki, dünən axşam saatlarında Tofiq Yaqublunun qızı və həyat yoldaşı, vəkili Xalid Bağırov, Müsavat fəalı Çingiz Əli Şəkidə keçirilən məhkəmədən dönərkən ağır yol qəzası keçiriblər.

Vəkil Xald Bağırovun, Tofiq Yaqublunun qızı, "Yeni Müsavat" qəzetinin müxbiri Nərgiz Yaqublunun vəziyyəti yaxşıdır. T. Yaqublunun xanımı Maya Yaqublunun aldığı zədələr həyatına təhlükə təşkil etməsə də, onun vəziyyətini həkimlər ağır qiymətləndirirlər.

Təəssüf ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü Çingiz Əlinin vəziyyəti olduqca ağırdır. İsmayıllı rayon xəstəxanasının baş həkim müavini Lətif bəy müsavat.com-a deyib ki, hazırda Ç. Əli huşsuz vəziyyətdədir, qəza nəticəsində ağır kəllə-beyin travması alıb, qulaqlarından qan gəlir.(09.06)

***
Xəbər verildiyi kimi, 1 ilə yaxındır həbs olunmuş və hazırda Şəki rayon məhkəməsində mühakimə olunan Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar.

Dünən Bakıya gətirilən Maya Yaqublu (Tofiq Yaqublunun həyat yoldaşı) və maşının sürücüsü Çingiz Əlinin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılacaq.

Xəstəxananın həkim personalından musavat.com-a deyiblər ki, T. Yaqublunun xanımı Maya Yaqublunun boynu sınıb, ciddi zədə alıb, cox saylı qançırlar və çıxıqları var. Əməliyyat olunacaq. Həyati təhlükə olmasa da, əməliyyatdan sonra durumu barədə proqnoz vermək çətindir.

Müsavat fəalı, qəzaya uğrayan maşının sahibi və sürücüsü Çingiz Əlinin vəziyyəti isə ağırdır. Həkimlər onun həyatı uğrunda çarpışırlar. Çingiz Əli də əməliyyata hazırlanır və yaxın saatlarda o, əməliyyat olunacaq.

Yaralıların həkimi Fərid Qaralov bildirib ki, Maya Yaqublunun huşu özündədir, ancaq boynunda bir yerdən sınıq var. Həkim onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.

AzNews.az
Bağla X