07:54
(077) 610-22-33

Həbsxanalarda qanunsuz rabitə vasitələri aşkarlandı

  • >
252 22 Yanvar 2014 08:45 | Hadisə

Bakıda həbsxanalarda mobil telefonlar şakarlanaraq götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, yanvarın 21-də Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zaur Adil oğlu Abdullayevin kamerasına baxış keçirilib.

Baxış zamanı onun çarpayısının üstündəki balışın altında gizlədilmiş 1 (bir) ədəd "Kenxida" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Zaur Abdullayev Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma; əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Vasif Vaqif oğlu Məmmədovun kamerasına baxış keçirilərkən, sanitar qovşağında işıqlandırıcı cihazın içində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Vasif Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək məhkum olunub və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabındadır.

Həmin gün daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Şahin Abbas oğlu Qasımovun çarpayısının altında xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Şahin Qasımov Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.

Hər üç fakt üzrə araşdırma aparılır.

AzNews,az
Bağla X