Erməni kəşfiyyat qrupu təmas xəttini keçməyə cəhd göstərdi

Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Müdafiə Nazirliyi həmçinin bəyan edir ki, son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumatlarla bəzi yerli ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.

AzNews.az