01:25
(077) 610-22-33

ANS-lə saytların davası böyüyür

  • >
845 22 Yanvar 2014 11:32 | Hadisə

İddia qaldıran şirkət hələ bağışlamağa lüzum görmür, saytlar isə iddianı əsassız sayır


ANS Müstəqil Yayım və Media Şirkətinin məhkəməyə verdiyi sayt və portalların sayı artıb.

Şirkətin Hüquq Departamentindən verilən məlumata görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib: dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.

Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar idi - aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.

"Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər" deyə, şirkətdən bəyan ediblər.



ANS Şirkətlər Qrupunun müşaviri Mais Məmmədov isə modern.az-a açıqlamasında bildirib ki, cavabdehlərin bağışlanması məsələsi gündəmdə deyil: "Hələlik məhkəmədə iddia qaldırmışıq. Cavabdehlərin bağışlanılması məsələsinə isə sonra baxarıq".

"Yeni Media Jurnalistləri" İctimai Birliyi isə ANS telekompaniyasını internet saytları məhkəməyə verməklə bağlı qərarına yenidən baxmağa çağırır. Bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Təşkilat hesab edir ki, ölkədə onlayn KİV-lərin təşəkkülü media müstəvisində böyük canlanma yaradıb.

İnternet KİV-lərin informasiya yayımında əhəmiyyətli mövqeyə çıxması cəmiyyətin xəbər təminatında yeni bir imkanlar yaradıb. Odur ki, bu müstəvidə bəzi peşəkarlıq problemlərinin yaranacağı da istisna olunmur.

Digər tərəfdən, "internet dalğa" özü ilə yeni media sahəsində bir sıra hüquqi boşluqları da üzə çıxarıb. Belə ki, "KİV haqqında Qanun"a görə internet saytların istehsal etdikləri xəbərlər, məlumatlar "KİV məhsulu" hesab edilmir. Eyni zamanda onlayn mediada aqreqator saytlar, internet qəzetlər və sosial media anlayışı tam ayırd edilmədiyindən belə bir qərar onlayn KİV-lərə, yeni mediaya qarşı müxtəlif iddiaların qaldırılması üçün əsas verə bilər.

Qurum onlayn media ilə bağlı qanunvericilikdə boşluqların aradan qaldırılmasını vacib sayır və problemi qarşılıqlı razılıq əsasında çözülməsini də təklif edir.

Məhkəməyə verilən saytlar isə iddianı əsassız sayır və ANS-in bununla onları susdurmaq niyyətində olduğunu vurğulayırlar.


Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlu "Yeni Müsavat"a açıqlamasında bildirib ki, narazılığa səbəb olan xəbəri ilk olaraq onlar yazıblar:

"ANS-in əməkdaşlarının işdən çıxarılması xəbərini biz yazmışıq. Kimlərin işdən çıxarıldığını yazmışdıqsa, təsdiqlənib. Adıçəkilən jurnalistlərdən ikisi də saytımıza danışıb, digərlərinin işdən çıxarıldığını da ANS-in təmsilçisi Mais Məmmədov təsdiqləyib. Burada məhkəmə predmeti nədir, bilmirəm. ANS tələsik və əsəbi qərar çıxarıb. ANS-in başına cin vurub deyəsən. Baş verənlər mətbuata qarşı təzyiqdir".


Xalqxeber.az-ın baş direktoru Peyman Sadıqov isə qeyd edib ki, onlar məlumatı aznews.az-ın xəbərinə istinadla yayıblar:

"ANS də məhkəməyə verməkdə sərbəstdir. Ancaq iddianı əsassız sayıram. Bu gün ANS 14 media qurumunu özü ilə qarşı-qarşıya qoyub. əvvəlcə Mətbuat Şurasına məlumat verilə bilərdi, MŞ hər hansı qərar çıxardıqdan sonra hansısa addım atıla bilərdi. Bir müddət əvvəl MŞ elektron mediaya nəzarəti rəsmiləşdirib.

ANS də rəsmi şəkildə MŞ-yə müraciət edə bilərdi, qurum bu məsələni müzakirəyə çıxarardı, saytların da rəyi soruşulardı. Bizim üçün də çox maraqlıdır ki, ANS niyə belə edib? Bu addım mətbuatı susdurmaqdır".



Azvision.az-ın baş direktoru Vüsal Məmmədovun sözlərinə görə isə onlar ümumiyyətlə, ANS-dən işdən qovulmalar barədə məlumat yaymayıblar:

"İddia tamamilə əsassızdır. Biz xəbər yaymamışıq. İnanmıram ki, məhkəmə ANS-in iddiasını təmin etsin. Həmçinin düşünürəm ki, digər saytlar da ANS-in işgüzar nüfuzuna xələl gətirən hər hansı məlumat yaymayıblar. Məncə, ANS manevr etmək istəyir, ya kiməsə nəyisə göstərmək".



Publika.az-ın redaktoru Bəxtiyar Əlirzayev isə qeyd edir ki, ANS-də işdən çıxarılma ilə bağlı onlar üç xəbər yayıblar və hər üçündə də digər saytlara istinad edilib:

"Hətta xəbərlərdən ikisi ANS-in öz mövqeyi idi. ANS-in bizim adımızı niyə o siyahıya saldığını başa düşmədik. ANS görünür, bu məsələni düzgün araşdırmayıb, internetdən axtarış veriblər, adları çıxan saytların hamısını məhkəməyə veriblər. Kim nə yazıb, necə yazıb, maraqlanan olmayıb. ANS-in bağışlamasına gəldikdə isə bu, bir az böyük çıxır.

Səhvi bağışlayarlar, burada bizim heç bir səhvimiz yoxdur. Bu, çox əsəbi qərardır. O vaxt ANS-dən işdən çıxanlar açıqlama verirdi, narazılıq vardı, mətbuat da yazırdı. Yazmaq mətbuatın gündəlik işidir, burada ANS-in işgüzar nüfuzuna xələl gələcək bir hal yoxdur. Birdən-birə bu qədər saytın məhkəməyə verilməsini isə həm də mətbuata hörmətsizlik kimi başa düşürük".

musavat.com
Bağla X