Tortdan mobil telefonlar çıxdı - FOTO

Penitensiar müəssisələrdə mobil telefon aparatları aşkar edilərək götürülüb.


AzNews.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 320.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əliməstan oğlu Aslanovun yanına qısamüddətli görüşə gəlmiş qaynı vətəndaş Heydər Rahil oğlu Nağızadənin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı tort qabının altındakı kartona izolyasiya edilmiş vəziyyətdə 2 ədəd "Nokia-5310" markalı mobil telefon aparatı, 1 ədəd adi və 1 ədəd naqilsiz qulaqcıq və mobil telefon aparatı üçün elektrik qidalandırıcısının hissələri aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tariyel Etibar oğlu Məmmədovun üzərinə baxış keçirilərkən ayaqqabısının içərisindən 2 ədəd GSM danışıq kartı aşkar edilərək götürülüb.

Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İlqar Rövşən oğlu Ələsgərovun kamerasına və üzərinə baxış keçirilərkən əynində olan qış gödəkçəsinin cibindən daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Nokia-6300" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 67.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüsal Rəşid oğlu Mirzəyevin üzərinə baxış keçirilərkən əynində olan qış gödəkçəsinin cibindən daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Faktlar üzrə araşdırma aparılır.


AzNews.az