1 nəfər yaralandı 1 nəfər yaralandı

Azərbaycan – İran sərhədində silahlı insident

1 nəfər yaralandı


Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik maddənin gətirilməsinin qarşısını alıb. Bu barədə AzNews.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 04:00 radələrində üzərilərində böyük ölçülü bağlamalar olan 5 nəfər silahlı şəxsin İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunub.


Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə qarşı odlu silahdan atəş açaraq İran istiqamətində geriyə qaçıblar. Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından 1 nəfəri yaralanıb. Sərhəd pozucuları havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək müqabil əraziyə qayıdıblar. Hadisə yerinə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 66 kq ağır xassəli narkotik maddə olan tiryək aşkar olunub.


Bununla yanaşı, hadisə ilə eyni vaxtda həmin sərhəd zastavasının mühəndis-texniki qurğularının arxasında "Mercedes" markalı avtomaşında 3 nəfər şəxs aşkar olunub və saxlanılarkən hadisə yerindən yayınmağa cəhd ediblər.

Tutularaq sərhəd zastavasına gətirilmiş həmin şəxslərlə aparılmış ilkin araşdırma zamanı onların Azərbaycan vətəndaşları, Biləsuvar rayonu sakinləri 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu, 1980-ci il təvəllüdlü Mailov Rahib Abış oğlu, 1983-cü il təvəllüdlü Tağıyev Səbuhi Əliqismət oğlu olmaları və İran ərazisindən gətiriləcək narkotik maddələri qəbul etməyə hazırlaşmaları müəyyənləşdirilib.

DSX tərəfindən cinayətkar dəstənin digər üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzNews.az