Ermənilər Tovuza ziyan vurdu - Xüsusi komissiya yaradıldı

Ermənistan tərəfindən atəşə məruz qalan Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndlərində sakinlərin evlərinə və həyətyanı sahələrinə dəyən ziyanın hesablanması üçün komissiya yaradıldı.

Tovuz Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, ötən gün Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndləri və adsız yüksəkliklər atəşə tutulub.

Bu zaman erməni hərbçiləri kəndlərin bir qədər yüksəklikdə yerləşən evlərini hədəf seçib. Kənd sakinlərinin evlərinin dam örtüyü, pəncərələri açılan atəş nəticəsində dağıdılıb. Sakinlərə xeyli ziyan dəyib. Artıq Rayon İcra Hakimiyyəti həmin evlərə baxış keçirib və sakinlərə dəyən ziyanın aradan qaldırılması üçün komissiya yaradılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Amid Əyyuboğlu
AzNews.az