12:52
(077) 610-22-33

111 şadlıq sarayı cərimələndi

  • >
2 691 23 Yanvar 2014 11:30 | Hadisə

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü il üzrə görülən işlərə dair hesabat verib.


Komitədən verilən məlumata görə, "Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı"na müvafiq olaraq informasiya-kommunikasiya texnologiyaları, ekologiya, qida məhsulları, nəqliyyat, keyfiyyətin idarə olunması, torpaqların qiymətləndirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi və tikinti materialları sahələri üzrə standartlar qəbul edilib. Ümumilikdə ötən il Azərbaycan Respublikasında 62 yeni dövlət standartı təsdiq olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2013-cü il ərzində standartların tələblərinə, metroloji norma və qaydalara riayət edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq subyektlərində aparılmış yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib. Bundan başqa 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan olunub. İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edib.

İstehlak bazarında satılan dönərin, ictimai iaşə obyektlərində və şadlıq evlərində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nöqsanların aradan qaldırılması üçün AZS 103-2003 "Çiy (bişməmiş) dönər" və AZS 746-2012 "Şadlıq sarayların təsnifatı və qaydalar" standartlarının tələblərinə əsasən 2013-cü il ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar olunub, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb.

Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilib. Sertifikatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib. Həmçinin 2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb, 71 laboratoriya qeydiyyata alınıb.

Hesabat dövrü ərzində 386 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət Reyestrinə daxil edilib.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 246 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib, nəticədə müvafiq olaraq 242 ədəd kalibrləmə sertifikatı və 4 ədəd yararsızlıq haqqında bildiriş verilib.

Ötən il ümumilikdə ixtiralara dair 75 patent verilib, onlardan 71-i milli, 4-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 7 patent qeydiyyata alınıb ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 patentdən 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin 2013-cü ildə 1730 ədəd əmtəə nişanı və 4 coğrafi göstərici qeydiyyata alınıb.

AzNews.az
Bağla X