"Onlar Ermənistan tərəfindən açılan atəş səslərinə adət ediblər" "Onlar Ermənistan tərəfindən açılan atəş səslərinə adət ediblər"

İcra nümayəndəsi Anjey Kasprşikin dəbilqəsini çıxartdırdı - Cəbhə xətti

"Onlar Ermənistan tərəfindən açılan atəş səslərinə adət ediblər"




"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki dəbilqə taxmamağa məcbur etdim".


Bunu AzNews.az-a açıqlamasında Tovuz rayonun İcra Hakimiyyətinin Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayev deyib. Ermənistanla sərhəddə - cəbhənin təmas xəttində yerləşdiyindən daim erməni hərbi birləşmələrinin güclü atəşinə məruz qalan kəndin icra nümayəndəsi bildirir ki, onlar artıq Ermənistan tərəfindən açılan atəş səslərinə adət ediblər.

V. Rzayevi narahat edən əsas məqam isə cəbhə xəttinə gələn beynəlxalq təşkilatların nümayəndələrinin məsələyə yanaşmalarıdır. Onun sözlərinə görə, monitorinq aparmaq üçün cəbhənin təmas xəttinə səfər edən ATƏT-in nümayəndə heyətinə də daim öz etirazlarını bildiriblər: "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu qurumun nümayəndələri təmas xəttində monitorinqlər keçirirlər.

Təəssüf ki, onların keçirdikləri monitorinqlərlə bağlı açıqlamalar çox zaman reallığı əks etdirmir. Onların özlərinə də bunu demişəm. Bir dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik bizim kəndə gəlib monitorinq keçirirdi. O başına dəbilqə qoyaraq, təmas xətti istiqamətində hərəkət etməyə başladı. Dəbilqə qoymasını ona irad tutdum və sual verdim:

"Sən başına niyə dəbilqə qoyursan? Öz təhlükəsizliyin üçün hər şey edirsən və bəs, burada yaşayan mülki əhali necə etsin, kənddə dəbilqə ilə gəzsin? O sualıma etiraz etdi və məni belə fikir səsləndirməməyə çağırdı. Bundan sonra ATƏT-in fəaliyyətini tənqid etdim və sadə insanların fikrini ona çatdırdım. Əlavə etdim ki, işğalçı ölkənin silahlı qüvvələri bizim suyumuzu kəsir, mülkü əhalinin daima atəşə məruz qoyur.

Siz isə heç nə etməmiş kimi təmas xəttində hər şeyin normal olduğunu deyirsiz. Amma biz heç zaman bu torpaqlardan geri çəkilməyəcəyik və Ermənistanın işğal etdiyi torpaqları nə yolla olursa-olsun azad etmək niyyətindəyik. Kasprşik bu sözlərimdən sonra məni sakitləşdirmək üçün fikirlərimi qarşı tərəfə də çatdıracağını dedi və dəbilqəsini çıxartdı".

V. Rzayevin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri problemin həllinə obyektiv yanaşarlarsa, münaqişə öz həllini tapar.

Amid Əyyuboğlu
AzNews.az