Azərbaycanlı bəstəkar dünyasını dəyişdi

Məşhur Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib.


Bu barədə AzərTAc-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulmuşdur. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. "Şərəf nişanı" ordeni ilə təltif edilib.

E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.

E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu.

E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Allah rəhmət eləsin!

AzNews.az