2003-cü il məhkumlarının işinə yenidən baxılacaq

Bu gün Ali Məhkəmənin plenumunda 2003-cü il 16 oktyabr hadisələrinə görə həbs edilən şəxslərdən bir qrupu barəsində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara baxılıb.

APA-nın xəbərinə görə, Ali Məhkəmə "16 oktyabr" məhkumlarının barəsindəki bütün məhkəmə qərarlarını ləğv edib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

Xatırladaq ki, 2003-cü il oktyabrın 16-da Bakıda keçirilən aksiyada polislə mitinq iştirakçıları arasında baş verən qarşıdurma ilə əlaqədar həbs edilənlər sonradan Avropa Məhkəməsinə müraciət ediblər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri 2005-ci ilin martında əfv olunublar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər.

Avropa Məhkəməsi onların xeyrinə qərar çıxarıb.


AzNews.az