Abituriyentlərin diqqətinə - Boş qalan yerlərə əlavə ixtisas seçimi aparılacaq

2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. Ali təhsil müəssisələrində boş yerlərin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

Aparılan ixtisas seçiminin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub, 2000-dək vakant yer qalıb. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq.

Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. Tələbə adı qazanmış şəxslər avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Aynur
AzNews.az