İsmayıl Ömərov məhkəməyə müraciət etdi- SƏBƏB

İTV-nin keçmış direktoru İsmayıl Ömərov "Qafqazinfo" saytını məhkəməyə verib.

AzNews.az xəbər verir ki, buna səbəb yanvarın 25-də saytda İsmayıl Ömərovun İTV-dən 100 min manat mənimsədiyi barədə yayılan məlumat olub.

Sayt iddia edib ki, Hesablama Palatası İTV-də aparılan yoxlama zamanı İ.Ömərovun 100 min manat mənimsədiyini ortaya çıxarıb.

İ.Ömərov barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığını, onun nüfuzuna ciddi zərbə vurduğunu bildirərək məhkəməyə müraciət edib.


İTV-nin keçmiş direktorunun vəkili artıq bununla bağlı sənədləri Nərimanov rayon Məhkəməsinə təqdim edib: "Bu sayt davamlı olaraq İsmayıl Ömərov haqqında şər-böhtan dolu, heç bir həqiqətə söykənməyən məlumatlar yayıb. Buna görə də sayt rəhbərliyi məhkəmə qarşısında cavab verəcək",- deyə vəkil bildirib.

Qeyd edək ki, İ.Ömərov barəsində yayılan məlumatlara AzNews.az vasitəsilə açıqlama gətirərək belə bir faktın olmadığını bildirmişdi.

Məsələ ilə bağlı mövqeyini AzNews.az-la bölüşən Qafqazinfo saytının baş direktoru Elbrus Ərud isə xəbərdə yanlışlığın olmadığını bildirib:




"Əvvəla bu gün yazdığımız xəbərə İsmayıl Ömərovun verdiyi reaksiya, yəni "yalançının..." ifadəsi əslində İTV kimi bir quruma bu adamın 9 il ərzində necə rəhbərlik etməsi ilə bağlı məndə şok effekti yaratdı. Baxmayaraq ki, biz İsmayıl Ömərovun bu münasibətini də yazıya əlavə edərək qarşı tərəfin mövqeyi kimi təqdim etmişik.

İkincisi, məhkəməyə vermək onun hüququdur. Buyursun müraciət etsin, biz də lazım olan şəkildə müdafiə olunarıq.

Üçüncüsü, mən İTV və İsmayıl Ömərov haqqında daim yazmışam.

Bu proses İsmayıl Ömərovun İTV-dən uzaqlaşdırılana qədər davam edib. Bu xəbərlərdən bir neçəsini deyə bilərəm. Məsələn, sonuncu xəbər onun öz nəvəsini uşaq Avroviziya müsabiqəsinə göndərməsi.

Sonrakı dövrlərdə kifayət qədər informasiya daxil olsa da, yazmağı məsləhət bilməmişik. Daim bir adam haqqında yazmaq jurnalistin qərəzini göstərə bilər.

Baxmayaraq ki, İsmayıl Ömərovun hətta İTV-də hansı əməlləri törətdiyi haqda şok xəbərlər daxil olub. Məni tanıyanlar bilir ki, havanı iyləyib xəbər yazan jurnalistlərdən deyiləm. Daxil olan xəbərlərin bir çoxu şəxsi müstəvidə olduğu üçün yazmağı məsləhət görməmişəm.

Zərurət yaranarsa əlimdə olan digər xəbərləri yazaram, ondan sonra mən haqsız olaramsa, İsmayıl Ömərov məhkəmədə məndən daha çox şey tələb edər. Haqlı olaramsa, cəmiyyət İsmayıl Ömərovu daha yaxşı tanıyar. Mənim onlarla tələbə yoldaşım İTV-də çalışıb və İsmayıl Ömərovun "xarüqələrindən" yaxşı xəbərdaram. Sadəcə İsmayıl Ömərovun həmkar olmağı və qərəzli görünməkdən qorxmağım bunları yazmağa imkan verməyib".

Elnarə
AzNews.az