Yevlax İH-də təcili toplantı– Əlil özünü niyə yandırdı?


Yevlax sakini, ikinci qrup əlil Nizami Kərimovun özünü yandırması ilə bağlı şəhər İcra Hakimiyyətində təcili müşavirə keçirilib.


AzNews.az-a daxil olan məlumata görə, İcra Hakimiyyəti başçısı Qoca Səmədovun iştirakı ilə keçirilən iclas saat 15.00-da başlayıb.

Hadisədə əlilin ittiham etdiyi tərəf olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhər Mərkəzinin rəhbəri Natiq Məmmədov da toplantıya çağırılıb. Xatırladaq ki, Yevlax şəhər sakini Nizami Yusif oğlu Kərimov bu gün səhər saatlarında özünü yandırıb.

Yaxınlarının dediyinə görə, 1969-cu il təvəllüdlü Nizami Kərimov sosial müavinət almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Qurum Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə, Nizami Kərimov buna etiraz edərək özünü yandırıb.

N. Kərimovun bacısı Rəbiyyə Kərimova bildirib ki, Fəxrəddin adlı bir qardaşları da şəhiddir. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov deyib ki, Nizami Kərimov 2013-cü il oktyabrın 1-nə kimi sosial yardım alıb. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxsin nəinki, sosial vəziyyəti yaxşıdı, hətta özünəməxsus maşını da var.

Elə bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb. Ailə üzvlərinin iddiasına görə, N.Kərimovun özünü yandırmasına səbəb
qurumun əməkdaşlarının yardımı mənimsəməyə çalışması olub.

Amid
AzNews.az