Hərbi hazırlıq dərslərinin keçirilməsi gücləndirilir


"Gənclərin çağırışaqədərki hazırlığı" fənni üzrə yeni dərsliklər çap olunacaq.


Təhsil Nazirliyindən AzNews.az-ın sorğusuna verilən cavabda bildirilib ki, ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənni üzrə dərsliklər 2011-ci ildə dövlət vəsaiti hesabına yeni redaksiyada çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılıb. Yeni dərsliklərin 2015-ci ildə hazırlanacağı nəzərdə tutulur:

"Ölkə prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində 12 illik ümumi təhsilə keçid və bununla əlaqədar fənn kurikulumlarının yeniləşdirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan tədbirlər sırasında Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənni ilə bağlı kurikulumların müasir tələblər baxımından yeniləşdirilməsi, ümumi təhsil müəssisələrinin müvafiq fənn üzrə tədris-maddi bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə kadr hazırlığının təkmilləşdirilməsi, mövcud kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb".

Təhsil Nazirliyindən o da qeyd olunub ki, hazırda GÇH fənni ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində X-XI siniflərdə tədris edilir. Tam orta təhsil verən məktəblərin sayı isə ölkə üzrə 3300-dür.

Amid
AzNews.az