14:37
(077) 610-22-33

DİN rəhbərliyindən piyada ölümü ilə bağlı göstəriş

  • >
1 105 29 Yanvar 2014 16:09 | Hadisə

Piyadaların iştirakı ilə baş verən yol qəzalarının, bu zaman ölən və xəsarət alanların sayının artması səbəbindən Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən piyadalarla bağlı geniş təbliğat işlərinin aparılması və profilaktik tədbirlərin keçirilməsi barədə göstəriş verilib.

Bu barədə Trend-ə nazirliyin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəsinin sözlərinə görə, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin çoxluğu DİN-in yanvarın 28-də keçirilən geniş Kollegiya iclasında ciddi narahatlıq doğuran məsələlərdən biri olub və bu sahədə ciddi maarifləndirmə işlərinin aparılması barədə göstəriş verilib.

Səbəb isə odur ki, yol hərəkəti qaydalarını pozduqlarına görə 2013-cü ildə təkcə Bakıda 139 min 658 piyada inzibati məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, təəssüf ki, piyadaların vurulması ilə nəticələnən 527 yol qəzası baş verib. Ümumi hadisələrin yarıdan çoxunu təşkil edən bu hadisələr zamanı 179 nəfər ölüb, 379 nəfər xəsarət alıb.

Bu il yanvarın 1-dən 28-dək isə Bakıda piyadaların iştirakı ilə artıq 29 yol qəzası baş verib. Baş verən hadisələr nəticəsində 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Yol hərəkəti qaydalarını pozduqlarına görə 1300 nəfər barəsində inzibati protokol tərtib edilərək cərimə olunublar.

V.Əsədov qeyd edib ki, yaranmış xoşagəlməz vəziyyətlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət ünvanlayır: "Yol polisi paytaxt ərazisində piyadalar üçün zolaqlı yolların olmasını nəzərə alaraq bir daha əhaliyə "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələblərinə uyğun olaraq, onlar üçün ayrılmış səkilərlə, yol birləşmələrindəki piyadalar üçün zolaqlı yerlərlə, yeraltı və yerüstü piyada keçidləri ilə hərəkət etmələrini tövsiyə edir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcək və iyirmi manat məbləğində cərimə olunacaqlar".

AzNews.az
Bağla X