Çoxmənzilli binaların su şəbəkələri yenidən qurulur

2013-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında 919 çoxmənzilli binanın daxili su şəbəkələrinin yenidən qurulmasına başlanılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, layihəyə uyğun olaraq həmin binalarda uzun müddətdir istismarda olan metal borulardan ibarət xətlər polietilen borularla əvəzlənir. Binaların zirzəmilərində yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda, mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır.

İl ərzində binaların daxili su təchizatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə ümumi uzunluğu 105 km olan su xətləri çəkilib. Layihəyə uyğun olaraq hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur və indiyə qədər həmin binalarda 70 min ədəd sayğac quraşdırılıb.

Görülmüş işlər nəticəsində həmin binalarda 280 minə qədər sakinin içməli su təchizatı yaxşılaşıb. Yanğından mühafizəni asanlaşdırmaq üçün hər bir binanın qarşısında yanğın hidrantları quraşdırılıb.

"Azərsu" ASC istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin qarşısının alınması, hidravlik rejimin təmin olunması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.

2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonlarının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulması istiqamətində pilot layihələr müsbət nəticələr verib. Bütün bunlar əsas götürülərək Bakı şəhərinin digər rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərlərindəki çoxmənzilli binalarda istismar müddətini başa vurmuş su təchizatı sistemlərinin yenidən qurulması işləri həyata keçirilib.

AzNews.az