23:26
(077) 610-22-33

Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır- Foto

  • >
2 080 31 Yanvar 2014 09:20 | Hadisə

"Yeni Müsavat"ın reportyor qrupu erməni tutulan kənddən yazır; Tovuzun Əlibəyli və Hacallı kəndləri gülləbaran altındadır, kəndlilər isə ermənini hərbçilərin yox, özlərinin tutduğunu deyirlər.


Əlibəylinin keçmiş döyüşçüləri: "Biz döyüşməyə hazırıq"


Yolda Yevlax-Gəncə istiqamətində ağır hərbi texnikaların daşındığını gördük. Tovuz şəhərinin özündə isə çayxanalarda və digər ictimai yerlərdə ermənilərin azğınlaşması ən çox danışılan söhbətdir. Camaat danışır ki, gecələr kəndlər atəş altında olur. Məlumat üçün deyək ki, Ermənistanın 5 kəndi Əlibəyli kəndi ilə üzbəüz yerləşir.

Hacallıdakı orta məktəbin müəllimi Hidayət Qasımov axşam saatlarında daha çox atışma olduğunu bildirir: "Günorta vaxtı da arabir atırlar. Ancaq biz öz mövqeyimizdə dayanmışıq, çəkinmirik. İşimizlə, təsərrüfatımızla məşğuluq. Uşaqları təhlükədən qorumaq üçün müəyyən yerlərdə saxlayırıq. Dərs saatlarında atışma olmayıb hələ".

Kənd sakini Ceyran Hümbətova deyir ki, gecə vaxtı ermənilərin kəndi atəşə tutması nəticəsində onun evinə də xeyli güllə dəyib. Həmin güllələrdən biri az qala oğluna dəyəcəkmiş:

"Bax, bu güllələrə, saxlamışam. Ona bir şey olsaydı necə yaşayardım? Evdə uzanmışdım, oğlan da çörək yeyirdi. Birdən gurum-gup qəfil ev toz-dumana büründü. Uşaq ağzı üstündə yerə düşdü. Heç bilmədik necə oldu, nə baş verdi. Duman çəkiləndən sonra baxdım ki, güllə evin içinə girib, uşağın lap yanından keçib. Hər gün atırlar. Axşam vaxtı onların postundan harada işıq göründüsə o istiqamətə vururlar".

Hacallı sakini Samirə Nəbiyeva deyir ki, uşaqlar həyətdə gəzən vaxt güllə atılıb: "Biri darvazaya, biri də daşa dəydi. Ondan qabaq da atdıqları evimizin damını deşdi, keçib evin pəncərəsinə dəydi. Haradasa 5 güllə evə dəyib. Belə təhlükəli, səksəkə içində yaşayırıq. Bilmirsən nə vaxt atacaq, hardan atacaq... Allah eləməmiş, güllə həyətdə uşaqlara dəyə bilərdi".

***


Əlibəylidə olarkən yerli sakinlərdən biri dedi ki, hərbi kəşfiyyat dəstəsinə bələdçilik edən ermənini iki yerli sakin tutub. Onun sözlərinə görə, erməni kəndin tən ortasına qədər irəliləyə bilib və postda heç kim bundan xəbər tutmayıb:

"Mən bilmirəm bizimkilər hara baxırdı? Bəlkə onun əlində silah olaydı və gəlib kənddə qarşısına çıxanı güllələyəydi? Birinci dəfədir ki, Əlibəyliyə erməni ayağı dəyir. Silahı olsa uşaq, qoca - kimi görsə vura bilərdi".

Kənd sakini erməninin ələ keçməsi barədə bunları deyir: "Saat təxminən günorta 4 olardı. Mən də maşın düzəldirdim. Eşitdim ki, kənddə erməni tutublar. Düzdür, mən gedib çatana kimi hərbçilər götürüb onu aparmışdılar. Amma bəzi kanallar yalan xəbər verir ki, ermənini hərbçilər tutub. Onu əlibəylililər tutublar.

Yaxınlaşıblar ona ki, sən kimsən? Bu da nə rusca, nə bizim dili başa düşür. Elə erməni dilində nəsə dilinin altında mırıldanırmış. Sadəcə, adam heyrətə gəlir ki, 1400 manat maaş alan komandirlər var. Bunlar nə işlə məşğuldurlar? Xəbərləri yoxdur ki, erməni postu keçib gəlib kəndin ortasına. Biz də postda olanlara etibar edib, axşam evimizdə yatırıq".

Digər kənd sakini deyir ki, erməni içkili deyildi: "Ondan spirt iyi gəlmirdi, ayıq idi. Yarası vardı, qolundan yapışmağa qoymurdu. Çayın içindən keçib gəlib. Yaxşı, bu adam gecə keçib gəlsəydi kəndə, əlində avtomat olsaydı, nə olacaqdı?

İstədiyi evin qapısını döyüb, darvazanı açanın alnından vurub gedəcəkdi. Biz çox narahatıq ki, postlarımızda vəziyyət hansı səviyyədədir. Axı biz onlara arxayın olub yaşayırıq. Əgər qoruya bilmirlərsə, biz öz kəndimizi qorumağa hazırıq".

***


Əlibəylililər danışırlar ki, erməni tutulandan sonra qərargah rəisi ilə söhbət ediblər. Qərargah rəisindən izahat tələb ediblər ki, erməni kəndə girəndə əsgərlər harada olub, post niyə yoxdur?

O isə cavabında deyir ki, sizin kəndinizdir, gedin qoruyun: Biz qorumağa, döyüşməyə hazırıq. Bu kəndi biz döyüşüb saxlamışıq. Dedik ki, biz kəndi qoruyanda sən haradaydın? Əlibəylidə heç vaxt belə hadisə olmayıb. Müharibənin ən qızğın vaxtında belə erməni kəndə girə bilməyib. Özümüz gedib erməni tutub gətirmişik, onlardakı əsirlərimizlə dəyişmişik".

Kənd camaatı ehtimal edir ki, erməninin qolundakı güllə yarası elə ermənilər tərəfindən vurulub, Əlibəyliyə göndərilib: "Kimin pulu yoxdursa, onu postda qoyurlar. Çənlibelə diqqət ayrılsın. Əgər oranı alsalar Əlibəylini və Tovuzu işğal edə bilərlər. Təsəvvür edin ki, ay yarım içində ermənilər 8 post yaradıblar. Biz döyüşən vaxtlarda düşmənin üç metrliyində səngər qazmışdıq.

İndiki səngərlər pis gündədir, mədə nahiyəsindən adam görünür. Hər gün ermənilər atırlar. Bizdən isə bir-iki zabit güllə atır. Əsgərə atmağa icazə vermirlər, atışma oldusa əsgər içəridə olmalıdır. Qoruyurlar qorusunlar, qorumurlarsa bizə silah verilsin, kəndi qoruyaq".

***

Əlibəylinin keçmiş döyüşçüləri bizimlə son vəziyyəti şərh etdilər. Onların sözlərinə görə, faktiki kənd qorunmur. Sosial vəziyyətdən söz açan keçmiş döyüşçülər deyirlər ki, Qazağın erməni ilə sərhəd 6 kəndinə 10 manat çörək pulu, 100 kub qaz, 150 kilovat işıq pulsuz verilir: "Amma Əlibəylidə imtiyazlar yoxdur. Bu dəqiqə 28 döyüşçü veteranlıq sənədini ala bilmir. Biz indi elə haldayıq ki, siqaret ala bilmirik. Prezidentə məktub yazmışıq, heç olmasa 100 manatlıq işlə bizi təmin etməsini xahiş etmişik.

Qazaxla Ağstafanın erməni ilə sərhəd kəndlərində bu imtiyazlar var. Bizə niyə verilmir? Dövlət sərhəd kəndi kimi bizə kömək etməlidir. Gədəbəyin Başkəndini ermənidən biz almışıq, Qazaxa gedib kömək etmişik. Ancaq Əlibəyliyə kömək yoxdur".

Keçmiş döyüşçülərin sözlərinə görə, Naxçıvanda hərbçilər şəhərdə maşın sürə bilməz: "Tovuzda isə yeni gələn zabitlər xarici maşında şəhərdə görünürlər".

Qəribəsi odur ki, erməni ilə sərhəd kənddə tibb məntəqəsi yoxdur. İki il əvvəl xəstəxananı ləğv ediblər. Bir doğum evi var. Sakinlər deyirlər ki, sonuncu dəfə mülki yaralı olub, onu Tovuz mərkəzi xəstəxanasına güclə çatdırıblar.


AzNews.az
Bağla X