Qarlı hava Tiflis-Bakı qatarının hərəkətinə mane oldu

Havanın qeyri-sabit keçməsi qatarların qrafikində ləngiməyə səbəb olub.


Bu barədə AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.

N. Əzməmmədov bildirib ki, Tiflisdən Bakıya hərəkət edən qatarların qrafikində gecikmə baş verib. Bu təqribən 1 saatdan çox olub. Yaxın saatlarda qatarlar Bakı Dəmiryol Vağzalına daxil olacaqlar.

Ümumilikdə isə Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, qatarlar müəyyən edilmiş qrafikə uyğun hərəkət edirlər. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq qrafikə əsasən, bu gün Bakı-Moskva, Bakı-Ağstafa-Qazax, Bakı-Astara-Horadiz, Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən sərnişin qatarları mənzil başına çatıb. Bakı-Tbilisi sərnişin qatarı isə müəyyən gecikmə ilə Bakı sərnişin stansiyasına qəbul olunacaq.

"Ümumilikdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri havaların sərt keçməsi ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər. Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir".

Amid
AzNews.az