Nazirin qardaşı evində partlayış- Xəsarət var (Açıqlama)

Qusarda nəqliyyat nazirinin qardaşına məxsus tikilidə partlayış baş verib


Qusar rayonunun Çiləgir kəndində partlayış baş verib. Hadisə Nəriman Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

SalamNews-un bölgə müxbiri xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 2 otaqlı yardımçı tikilidə baş verən partlayış nəticəsində 63 yaşlı Hacıyeva Maral Nüsrət qızı və onun həyat yoldaşı Hacıyev Şəkixan Cahangir oğlu müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Maral Hacıyevanın bədənin 80, həyat yoldaşının isə 40 faizi yanıb. Xəstələrə ilkin yardım göstırildikdən sonra vəziyyətləri ağır olduğundan paytaxta göndəriliblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Partlayış baş verən mənzil nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur.
Nazirin yaxınları xəbəri AzNews.az-a təsdiqləyiblər. Verilən məlumata görə, partlayış baş verən evdə Nəriman Məmmədov yox, mühafizəçilər yaşayırmış.