Abşeron Rayon Polis İdarəsinin rəisindən analoqu olmayan addım Abşeron Rayon Polis İdarəsinin rəisindən analoqu olmayan addım

Polis rəisi qaçqın ailəsini küçəyə atdı

Abşeron Rayon Polis İdarəsinin rəisindən analoqu olmayan addım


Abşeron Rayon Polis İdarəsi ilə Xırdalan şəhər sakini arasında problem yaşanıb. Belə ki, həmin sahə üzrə müvəkkil Bədrəddin Fərzəliyev Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 4, ev 4-də yaşayan Cəbrayıl rayon məcburi köçkünlərini ailəlikcə evlərindən çıxarıb.


İlk növbədə, 2012-ci il iyunun 3-də Mehtiyev Nəbi Mustafa oğlunun ailəsi ilə birgə kirayədə yaşadığı evdə məcburi şəkildə axtarış aparılıb. Axtarış orderinin olmadan qanunsuz şəkildə evdəki əşyaların hamısı bayıra atılıb. Eyni zamanda, ailə və uşaqlara qarşı zorakılıq tətbiq edilib. Bu hadisədən sonra isə onlara həmin ünvanda yaşamağa imkan verilməyib. Onu da qeyd edək ki, axtarışın Abşeron Polis Şöbəsinin rəisi Namiq İsmayılovun göstərişi ilə aparıldığı bildirilib.


Redaksiyamıza daxil olan şikayət məktubuna əsasən, bütün bu təzyiqlərdən sonra ailə evi tərk eləməyə məcbur olub: "Abşeron polisi bizi ikinci dəfə qaçqın vəziyyətinə saldı. Bizə dedilər ki, ya evi tərk etməlisiniz, ya da evə narkotik atıb, sizi tutduracağıq. Dedilər ki, polis rəisinin tapşırığı belədir. Hazırda isə ev tapmaqda çətinlik çəkirik. Əvvəlki evin sahibi qaçqın olduğumuza görə çox sərfəli şərtlərlə evdə qalmağımıza şərait yaratmışdı, bizə dəstəyini əsirgəmirdi. İndi isə Xırdalanda həmin şərtlərlə ev tapmaq olmur. Əksinə Abşeron polis rəisinin bizə qarşı münasibətini bilən adamlar bizə ev kirayə verməyə tərəddüd edirlər".


Şikayətçinin sözlərinə görə, ailə hazırda Abşeron rayon polisinin qanunsuz davranışlarından və hədə-qorxularından əziyyət çəkir. Onu da bildirək ki, polisin qeyri-qanuni əməlləri haqqında Azərbaycan Respublikası Prezidentinə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Prokurorluğuna müraciət edilib.


Məsələ ilə bağlı Abşeron Rayon Polis Şobəsinə müraciət etdik. Suallarımızı cavablandırmaq üçün bizi polis şöbəsinin dəftərxana müdiri ilə əlaqələndirdilər.

Dəftərxana müdiri Hatəm Eyvazovun məlum hadisədən xəbəri olmasa da, bildirdi ki, bu şikayət əsassızdır: "Bizə belə bir şikayət olunmayıb. Olsa belə, şöbəmiz tərəfindən heç kimə qarşı belə bir hərəkət olmayıb. Ola bilər ki, onların evi hansısa qanunsuz və ya təhlükəli ərazidə tikilib, evin sökülməsi üçün onları evdən çıxarıblar. Ya da vətəndaşın hansısa müfəttişdən, polisdən xoşu gəlmirsə, ona qara yaxmaq üçün belə şikayətlər edirlər. Guya onun evinə narkotik atmaqla narkoman olmayacaq ki?...Belə olduqda həmin şəxs müayinə edilib narkotik istifadə etmədiyini ortaya çıxara bilər. Sizi əmin edirəm ki, bu şikayətin heç bir əsası yoxdur".


Mövzunu diqqətdə saxlayacağıq.


Sevinc

AzNews.az