Dövlət qoruğunda narkotik aşkarlandı

Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitki aşkar edilib. AzNews.az-a Ekologiya və Təbii Sərvətlar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin və Zaqatala Dövlət təbiət qoruğunun əməkdaşları qoruqda özbaşına bitmiş və xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər olan ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində birgə əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilən tədbir nəticəsində qoruğun Balakən rayonunun Gərəkili kəndindən keçən hissəsində, dağlıq ərazidə, 05 saylı meşə dolayında hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, ümumi çəkisi 80 kq olan, 332 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil verilmək üçün ərazidən yığılaraq götürülüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.

Sevinc
AzNews.az