14:40
(077) 610-22-33

Azərbaycanda güclü zəlzələ olacaq?- Rəsmi açıqlama

  • >
1 849 3 Mart 2014 12:51 | Hadisə

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində güclü zəlzələnin baş verəcəyi ilə bağlı əhali arasında son iki gün ərzində yayılan söz-söhbətlərin əsaslı olub-olmadığına aydınlıq gətirib.

Qeyd edək ki, yayılan məlumatlara görə, ölkədə, xüsusilə də Mingəçevir su anbarında, o cümlədən Xəzər dənizində seysmolji durum guya, təhlükəli vəziyyətdədir, seysmoloji aktivlik həddindən artıq yüksəldiyindən güclü zəlzələnin baş vermə ehtimalı çoxalıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər yalandır.

Onun sözlərinə görə, Xəzər dənizinin şimal hissəsində aktiv dərinlik qırılma zonası var. Ona görə də həmin zona həmişə seysmoloji baxımdan aktivdir: "Xəzərin şimal hissəsində - Abşerondan götürdükdə, düz yuxarı istiqamətə tərəf, Mahaçqala-Kransnoyarskdan dərinlik qırılması keçir. Bura həmişə aktiv olub. Orada aktivlik var".

Mərkəz direktoru qeyd edib ki, bu ilin əvvəlindən indiyə kimi həmin ərazidə maqnitudası 5-ə qədər, hətta 5,1 bal olan təkanlar olub: "Biz həmişə demişik ki, ilk növbədə Mingəcevir su anbarı, digər su hövzələri, tikiləcək və tikilməkdə olan su elektrik stansiyalarının seysmikliyi monitorinqdən keçirilməlidir. Bu, başqa məsələdir. Ancaq bu, o demək deyil ki, dünya dağılır, Azərbaycan da su altında qalacaq. Bunlar hamısı yalan söhbətlərdir".

Xəzərdə olan hazırkı seysmoloji aktivliyin güclü zəlzələlər yarada bilib-bilməyəcəyinə gəldikdə, mərkəz direktoru deyib ki, quru ərazilərə nisbətən Xəzərdə olan zəlzələlərin dərinliyi daha çoxdur. Buna görə də dənizdə baş verən zəlzələlər təhlükəli olmur: "Zəlzələnin dərinliyindən də çox şey asılıdır. Hacıqabulda fevralın 10-da baş verən zəlzələnin dərinliyi 55 km olduğundan o, heç bir fəsad törətmədi - nə dağıntılar, nə uçqun, nə də insan tələfatı oldu. Əslində, həmin zəlzələnin gücü 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələnin gücü ilə eyni idi. Ancaq həmin zəlzələ 55 km dərinlikdə olduğundan Xəzəryanı yaşayış məntəqələrində 3 bala kimi hiss edilib".

Q.Yetirmişli bildirib ki, hazırda Mingəcevir su anbarının ətrafında zəlzələ ocaqları olsa da, həmin ərazilərdə də güclü seysmoloji aktivlik yoxdur. Onun sözlərinə görə, bütün ölkələrdə su hövzələrinin, hündürmərtəbəli binaların seysmoloji vəziyyətini yoxlamaq üçün monitorinq sistemi qurulur: "Mən özüm də dəfələrlə məsələ qaldırmışam ki, Mingəcevir su anbarı, digər anbarlar, hündürmərtəbəli binaların monitorinq sistemi qurulmalıdır. Söhbət yalnız güclü zəlzələlərin qeydə alınmasından getmir. Ən zəif təkanların, müəyyən küləklərin, qrunt sularının səviyyəsinin yüksəlməsinin törtədiyi fəsadları vaxtında aşkarlamaq üçün monitorinq sistemi olmalıdır. Bunun da nəticəsində zərər çəkən yerlərdə vaxtında müvafiq tədbirlər görülə bilər".

Ölkənin hazırkı seysmoloji durumunu da qiymətləndirən Mərkəz rəhbəri deyib ki, son günlər ərzində Lerik, Lənkəran, Şəmkir, Şəki, Xəzər dənizində xırda təkanlar baş verir. Ancaq həmin təkanlar hiss edilmir, onların gücü də 1,2 baladək olub: "Həmin təkanları yalnız cihazlar qeydə alır. Əvvəlllər biz 0,2 - 1 bal gücündə olan belə zəlzələri qeydə ala bilmirdik. Çünki bizim şəbəkəmiz seyrək olduğundan şəbəkələrarası baş verən zəlzələləri qeydə almaq mümkün deyildi. Əvvəlllər çox zaman Xəzərdə maqnitudası 3 olan zəlzələləri də qeydə ala bilmirdik. İndi isə müasir avadanlıqla təchiz edilmiş 35 stansiyamız var. Onun hesabına ən zəif təkanları da izləmək mümkündür".

Q.Yetirmişli deyib ki, indi ölkədə baş verən bütün zəlzələlər barədə ictimaiyyət məlumatlandırılır. Çünki beynəlxalq sazişlərə də əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir.

AzNews.az
Bağla X