Bank müdirinin həbs xəbəri yayıldı

"Kapital bank"ın Abşeron filialının rəhbəri Elvin Rüstəmov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub.
Bu barədə AzNews.az-a məlumatı bankın daimi müştərisi verib.

Bankdakı mənbəmiz isə həbs xəbərini belə izah edib: "Bankda yoxlamalar aparılırdı. Bir neçə gün əvvəl də iş saatının sonuna yaxın mülki geyimli şəxslər banka daxil olaraq, müdirin otağına keçdilər. 10-15 dəqiqədən sonra isə onlar müdirlə bərabər, heç kimə bir söz demədən bankı tərk etdilər. Həmin gündən sonra isə müdir işə gəlmir. Hələ ki, onun həbs olunub-olunmaması barədə heç nə deyə bilmərik. Çünki müfəssəl məlumatımız yoxdur".

Mənbəmiz bildirir ki, hadisənin sabahı günü bankın Baş ofisindən Yalçın Novruzov adlı şəxs müdir vəzifəsini müvəqqəti icra etmək üçün filiala göndərilib.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Kapital bankın Xırdalan filalı ilə əlaqə saxladıq. Filalın özünü təqdim etməyən əməkdaşı isə Elvin Rüstəmovun məzuniyyətdə olduğunu bildirib.

İlqar
AzNews.az