00:39
(077) 610-22-33

Partiyadakı partlayışla bağlı açıqlama - RƏSMİ

  • >
403 4 Mart 2014 12:15 | Hadisə

Fövqəladə Hallar Nazirliyi AXCP-nin qərargahının yerləşdiyi binada baş verən partlayışla bağlı məlumat yayıb. AzNews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 03 mart 2014-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayış baş verib, nəticədə qeyri-yaşayış sahəsi içərisində olan əşyalarla birlikdə partlayışın və yanğının təsirinə məruz qalıb.

Baş vermiş hadisə ilə əlaqədar Əməliyyat-İstintaq İdarəsinin istintaq qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, foto və video çəkilişlər aparılıb, hadisə yerinin sxemi tərtib olunub, sənədlər götürülüb. İlkin araşdırma ilə müəyyən edilib ki, qeyri-yaşayış sahəsi binanın zirzəmi hissəsində yerləşməklə ümumi sahəsi 177.3 kv/metrdir. Qeyri-yaşayış sahəsi əvvəllər "Araz" kooperativ təmir sexinin təsisçisi Yusibov Yusib Mehdi oğlu tərəfindən Mənzil İstismar Sahəsindən icarəyə götürülüb, 2008-ci ildə isə özəlləşdirilib.

Y Yusibov aralarında bağlanmış müqavilə əsasında 2010-cu ildə qeyri-yaşayış sahəsinin 53.9 kv metr hissəsini Babayev Kamran Emil oğluna, 70.4 kv/metr hissəsini isə Yusifov Əfəndi Yusif oğluna kafel və metlax üzlüklərinin saxlanması üçün, 2012-ci ildə 3 kv/m hissəsini Muradov Samir Vəliyəddin oğluna bərbərxana, 9 kv/metr sahəni isə Qəhrəmanov Elşən Rahil oğluna evlərin alqı-satqısı ofisi kimi icarəyə verib. Hadisə yerinə keçirilmiş baxışla müəyyən edilib ki, icarəyə verilən sahələr partlayışın və yanğının təsirinə məruz qalıb, otaqlar arasındakı arakəsmə divarlar uçub.

Hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilib, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman isə qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masa üstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülüb. Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib.

Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir. Baş vermiş partlayış hadisəsi ilə əlaqədar məhkəmə yanğın-texniki, məhkəmə ballistik, məhkəmə kimyəvi, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib. Hal-hazırda hadisə ilə əlaqədar araşdırma davam etdirilir.

Amid
AzNews.az
Bağla X