“Bank of Baku”nun rəhbəri həbs olundu- Yenilənib

"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs Azərbaycan dövlətinin son günlər ekstrimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, AzNews.az bugünlərdə "Bank Of Baku"nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və bu günlərdə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqla bağlı yazı yayınlamışdı.

Əraflı məlumatı diqqətinizə çatdıracağıq.(17.13)

***

Bu dəqiqələrdə özünü "Bank of Baku"nun rəhbəri Elçin İsayev kimi təqdim edən şəxs "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, barəsində yazdığımız xəbərdə yanlışlıq var. Belə ki, həmin şəxs bankda xüsusi xidmət orqanları tərəfindən əməliyyat keçirildiyini təsdiqləsə də, həbs olunanların kimliyini açıqlamayıb:

"Bizim dəvətimizlə burada əməliyyat keçirilib, lakin mən bununla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Bir daha deyirəm ki, mən Elçin İsayevəm, həbs olunmamışam, özüm də işdəyəm. Digər şəxslərlə bağlı sonra danışarıq".

AzNews.az